اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Material kodu: 69 2017/06/17 - 02:27 40
شرح حال آيت الله شيخ على سعادت پرور (پهلوانى)

Ustadların məhzərində

Ayətullah Şeyx Əli Səadətpərvərin (Pəhləvani) bioqrafiyası

Bismillahir-rəhmanir-rəhim

Doğum tarixi

Rəbbani alim və zahid arif həzrət Ayətullah Hacı Şeyx Əli Səadətpərvər (Pəhləvani Tehrani) qəməri tarixi 13 rəcəb 1346-da müvəhhidlərin mövlası Əmir əl-möminin Əlinin (ə) mövlud günündə Tehranda dindar ailədə dünyaya gəlib.

İbtidai təhsili

O zaman yeni təsis edilmiş məktəblərin əxlaqi durumu münasib olmadığından Şeyx Əli Səadətpərvər qardaşı ilə birlikdə “Əminud-dövlə” məscidinə gedib və Ağa Mirza Əbulqasimin yanında o dövrə aid olan “Fəraidul-ədəb”, “Gülüstan-Sədi” kitablarını öyrənib. Yenə həmin məsciddə Quranın qiraət və təcvidini, həmçinin bir miqdar həndəsə elmi öyrənib.

O, ərəb ədəbiyyatını, “Məalim”, “Qəvanin” və “Lumə” kitablarını Ayətullah Hacı Şeyx Əli Burhanın məhzərində dərs alıb.

Şeyx Əli Səadətpərvər yeniyetmə dövründə əxlaq alimi Hacı Şeyx Məhəmməd Hüseyn Zahidin (rh) məhzərindən əxlaqi və mənəvi faydalanmışdır.

İmamları (ə) ziyarət etmək həvəsi onun dözümünü əlindən almışdı. Təvəssül və yalvarışla Allahdan ziyarət üçün tövfiq istəyir. Mütəal Allah onun ürəyinin dərinliyindən gələn bu yalvarışa cavab verir. Beləliklə, o, iyirmi nəfər tələbə və dostları ilə mərhum Ayətullah Burhanla birgə öz məhbub və məşuqlarının diyarına yola düşürlər və imamları ziyarət etməyə müvəffəq olurlar.

Ali təhsili

Bu mənəvi səfərdən qayıtdıqdan bir müddət sonra öz təhsil və nəfsi paklanmasını davam etdirmək üçün Quma köçür və burda imam Xomeyni, Burucerdi, Mərəşi Nəcəfi, Şəhid Səduqi və Sultani kimi böyük ustadların dərslərində iştirak edir, öz elmi səviyyəsini artırır.

Əllamə Təbatəbai ilə tanışlığı

Onun ruhani və mənəvi həyatında əsaslı dönüş nöqtəsi kamil və əhatəli arif Əllamə Təbatəbai (rh) ilə tanışlıqdan sonra olur. Mərhum Əllamə Təbatəbai ilə tanışlıqdan sonra o ardınca olduğu mənəvi arzularını bu dəyərli şəxsiyyətdə görür. Nəhayət, ustad Əllamə Təbatəbai (rh) onu mənəvi şagirdliyə qəbul edir. Bununla da mərhum Ayətullah Səadətpərvərin pak nəfsi və qəlbi rəbbani alim, mənəvi qoca, ruhani mürşidə təqdim olur. Həzrət Əllamə Təbatəbainin (rh) kimyagər nəfəsi ilə pillə-pillə və mənzil-mənzil bu istedadlı şagirdi tövhid mənzilinə hidayət oldu, ismət və təharət əhli-beytinin (ə) haqq maarifininin qüllələrini fəth etdi. Həqiətdə belə demək daha düzgündür ki, Ayətullah Səadətpərvərin mənəvi şəxsiyyəti və tövhidi davranışı dərin şəkildə həzrət Əllamə Təbatəbainin tövhidi davranışının, tərbiyə və mərifət nizamının, Quran və sünnə əsasının təsiri altında formalışmışdır.

Ustad Səadətpərvər uzun illər nəfs təzkiyəsi, elmi və əməli riyazətlərə məşğul olduqdan və həzrət Əllamə Təbatəbainin (rh) məhzərindən faydalandıqdan sonra özü bu tərbiyə və təhzib silsilə məktəbinin məşəldarlarından oldu və bu məktəb kamil arif, elm, əməl və şühud yolçusu Axund Molla Hüseynqulu Həmədani (rh) ilə nəticələndi. Ağa Mirza Cavad Mələki Təbrizi, Şeyx Məhəmməd Bahari, Seyid Əhməd Kərbəlayi, Seyid Əli Qazi (Allah ruhlarını şad etsin) kimi böyük şəxsiyyətlər bu böyük tövhidi və təhzibi silsilənin ən tanınmış və adlı-sanlı arifləridir. Onlar, əhli-beyt (ə) maarifində dərin düşüncə və əhatəli dərklə Nəcəf və Qum elmi hövzələrində dərin bir töhvid və hidayət məktəbinin əsasını quraraq özlərindən yadigar qoya bildilər.

Şagird tərbiyəsi

Mərhum Ayətullah Səadətpərvər şövq, böyük himmət və müqavimətlə bu ruhani seyr, mənəvi səfərdə və tövhidi vətəndə müvəffəq olmuş böyük alimlərdən idi.

Ustad tələbələrin nəfsi təzkiyəsinə, seyr-sülukuna böyük əhəmiyyət verirdi. O, öz şərəfli ömrünü bu ilahi məsuliyyətə sərf etdi. Peyğəmbərlərin və övliyaların yolu olan bu müqəddəs yolda heç nəyi əsirgəmədi, böyük himmətlə hətta qoca yaşlarında və xəstə olduğu günlərdə belə mənəvi görüş və dərslərini tətil etmədi, ömrünün son günlərinə kimi vəsfolunmaz şövq və sevgi ilə şagirdlərin tərbiyəsi ilə məşğul oldu.

Qeyd edək ki, onun tərbiyə proqramı özündən qabaqkı böyüklərin yolu kimi təkcə əxlaq məsələləri deyildi. Əxlaqi məsələlrdən əlavə işarə etdiyimiz kimi onun tərbiyə metodu mərhum Əllamə Təbatəbainin (rh) vasitəsilə sonda mərhum Axund Molla Hüseynqulunun tövhid və tərbiyə məktəbi ilə nəticələnən şühudi və eyni tövhid metodu idi. Əlbəttə, bu mövzunun öz yerində geniş şərhə ehtiyacı vardır.

Onu yaxından tanıyanlar, həqiqi islamşünaslar gərək bu haqq olan elmi və əməli məsləkin hüdudlarını maraqlananlar və seyri-süluk əhli olmaq istəyənlər, xüsusən də cavanlar üçün bəyan etsinlər ki, bundan istifadə edib özlərinə bazar açanların və şeytansifətlərin meydana çıxmasına icazə verilməsin.

Həzrət ustad Səadətpərvər əsasən, “Bihar əl-ənvar”, “İqbal” kitablarında gəlmiş hədis və duaları şərh edir, Xacə Hafiz Şirazinin “Lisanul-ğeyb” divanındakı qəzəlləri və mərifət əhlinin kəlamlarını açıqlayırdı. Bu nurani görüşlərdə o qədər mənəvi fəza yaranırdı ki, burda iştirak edənlər mülkdən mələkuta, fərşdən ərşə ucalırdılar və qəflət tozunu ürəklərindən silirdilər.

Yada düşür o kəs ki, mənzilim ona çox yaxın idi

Gözlərim onun qapısına baxmaqla işıqlanırdı

Həqiqətən, süsən və gül pak sözlərin təsirindən

Sənin ürəyindən keçənlər mənim dilimə gəlirdi

Ürək müdrik qoca kimi məna axtarırdı

Eşq ona müşkül olanları şərh edirdi

Ah, bu dünyada olan cövr-zülmdən

Vay, bu dünyadakı kef və ləzzətdən.

Ustadın yazılı əsərləri

Ustad şagird yetişdirməkdən əlavə bir sıra dəyərli və incə əsərlər də özündən yadigar qoymuşdur. Onlardan bəziləri çap edilmişdir. Ümid edirik ki, digər kitabları da tövhid maarifi və seyri-sülukla maraqlananların əli ilə çapdan çıxacaq.

Ustadın dəyərli xidmətlərindən biri də budur ki, öz yazılı əsərləri ilə ustadı Əllamə Təbatəbainin (rh) elmi ifadələrinin, mənəvi sərmayələrinin, irfani təlimlərinin diqqəti çəkən bir hissəsini qoruyub saxlamışdır. Bu kitablar hamısı şiənin şifahi mənəvi irsi sayılır.

Ustadın kitabları

1. “Camali-aftab”. Kitab, Xacə Hafizin qəzəllərini şərh etmişdir. Bu sanballı əsər ayə, rəvayət, dua, bəzən də müəllifin öz seyri-süluk təcrübəsi və mərhum Əllamə Təbatəbainin görüşləri əsasındadır.

2. “Razi-dil”. Bu dəyərli əsər mərhum Əllamə Təbatəbainin böyük arif Şeyx Mahmud Şəbüstərinin “Gulşəni-raz” kitabına xüsusi əxlaqi və irfani məclislərdə verdiyi şərhlər əsasındadır.

3. “Pasdarani hərimi eşq” (Kəlimati urəfa). 10 cildlik bu ağır kitabda İslamın başlanğıcından müasir zamana kimi İslamın böyük arif və mərifət əhlinin tövhidi və tərbiyəvi kəlamları toplanmışdır. Bu kitab mərhum Əllamə Təbatəbainin hüzurunda və onun göstərişləri ilə yazılmışdır.

4. “Quran və fitrət”. Quran, tövhid və fitrət mövzusunda yazılmış bu elmi əsərə ustad təfsir adı verməyə ehtiyat edirdi. Lakin demək olar ki, bu Quran əsəri hesab edilir.

5. “Nuru-hidayət”. Bu gözəl və bədii əsər Seyid ibn Tavusun “İqbalul-əmal” kitabının dua, minacat və ziyarətlərinin şərhidir. Əsər dərin və dəqiq tövhid, əxlaq və əməli seyri-süluk məsələlərinə diqqət etmişdir.

6. “Sirrul-əsrar”. Bu misilsiz kitab Peyğəmbərin (ə) merac hədisini şərh edir. Müəllif hədisin tövhidi maarifini və seyri-süluk məsələlərini elmi bəyanlar və Quran və əhli-beyt (ə) hədisləri əsasında açıqlamışdır. Kitab ərəb dilində yazılmışdır və höccətul-islam vəl-muslimin Seyid Məhəmməd Cavad Vəziri tərəfindən fars dilinə də tərcümə edilmişdir.

7. “Cilveyi-nur”. Kitab həzrət Siddiqeyi-Tahirənin (s) nuraniyyət və mənəvi məqamınıdan bəzi hissələrə işarə edir.
8. “Furuği-şəhadət”. Əsər həzrət İmam Hüseynin (ə) tövhidi qiyamına diqqət edir.

9. “Əşşumusul-muziə”. Bəqiyyətullahil-əzəm İmam Zaman (əc) barədə bəhs edən bu kitab o həzrət barədə müxtəlif məsələlər, habelə, zühur və qeybət zamanındakı hadisələri, rəcət məsələləri araşdırılır. Kitab ərəbcə yazılmış və höccətul-islam vəl-muslimin Seyid Məhəmməd Cavad Vəziri tərəfindən fars dilinə də tərcümə edilmişdir (Zühuri-nur).

10. “Səmərati həyat”. Kitab mərhum Əllamə Təbatəbainin dərin və əhatəli alim və arif olmasını bir daha aşkar edir.

Bu dəyərli kitab mərhum Əllamə Təbatəbainin bəzi seyri-süluk və mərifət əhli ilə xüsusi görüşlərindəki sual-cavabın toplusudur. Sualların çoxu ustad Səadətpərvər tərəfindən soruşulmuşdur. Bu bərəkətli məclis və görüşlər neçə illər davam etmişdir və əsas tövhidi, əxlaqi və irfani sual-cavablar müəllif tərəfindən toplanıb tənzimlənərək kitaba köçürülmüşdür.

Ümid edilir ki, bu incə və dəyərli kitab tezliklə çap edilərək maraqlananların və xalis Muhəmməd (ə) irfanının müştaqı olanların öhdəsinə qoyulacaq.

11. “Məntiqut-teyr”. Şeyx Əttarın “Məntiqut-teyr” kitabı xülasə edilmiş və onu nəzmdən nəsrə çevirmiş bu kitabda Allah yolunda seyri-süluk edənlərin ehtiyac və çətinlikləri də müəyyən həddə bəyan edilmişdir.

Habelə, kitabda Şeyx Sənanın hekayəsi, Töhfə və Sirri Səqti kimi böyük ariflərin əhvalatları dərc olunmuşdur.

12. “Risaleyi vəsaya”. Adından da məlum olduğu kimi kitabda Quran və əhli-beyt (ə) kəlamlarından süzülmüş tövsiyə və nəsihətlər toplanmışdır. Kitabda töhvid yolunda zahid və arif ustadın öz seyri-süluk və nəfs təzkiyəsində təcrübələri də vardır.

13. “Məcmueyi rəsail”. Kitabda böyük şəxsiyyətlərin kəlamları və məktubları toplanmışdır.

Sonda qeyd etmək yerinə düşər ki, mərhum həzrət Ayətullah Səadətpərvər siyasi bir şəxs deyildi, siyasi işlərə və onun icrasına qarışmırdı. Lakin, İran İslam Respublikasının müqəddəs quruluşunun möhkəmliyni elmi hövzələrin elm və əməl əsaslarının möhkəmliyi kimi bilir və qəbul edir, bu yolda heç bir kömək və səyini əsirgəmirdi.

Bundan əlavə o, öz ustadı və muradını, yəni həzrət Ayətullah imam Xomeynini (eh) xüsusi sevgi və sayğı ilə yad edirdi. İmam Xomeyninin (rh) vəfatından sonra da İnqilabın Böyük Rəhbəri Həzrət Ayətullah Xamenei ilə münasibət və əlaqələri davam etdi. Həmişə də ona tabe olmağı və onu dəstəkləməyi tövsiyə edirdi. İslam dövlət quruluşu, rəhbərlik ilə müxalifətə, ona qarşı əhəmiyyətsizliyə heç cür dözmürdü.

Həzrət Ayətullah Səadətpərvər uzun illər elmi və əməli riyazətlər çəkdikdən sonra bir səhər pak nəfslə, zöhdlə, Allahın Müqəddəs Zatına tam diqqətlə, aşiqcəsinə, nəfsin təlim və tərbiyəsinə böyük səy göstərməklə məhbub və əzəli məşuqun vəd etdiyi bir gündə yəni 12 şəvval 1225-ci qəməri ilində Haqq Taalanın nidasına ləbbeyk dedi.

«سَلامٌ عَلَيْهِ يَوْمَ وُلِدَ وَ يَوْمَ يَمُوتُ وَ يَوْمَ يُبْعَثُ حَيًّا»

“Ona doğulduğu gün də, öləcəyi gün də, (qiyamətdə) diriləcəyi (qəbirdən diri olaraq qaldırılacağı) gün də, salam olsun!” (Məryəm surəsi, ayə 15).

Əlhəmdu lillahi əvvələn və axirən və zahirən və batina. Və səlləllahu əla Muhəmmədin və alihit-təyyibinət-tahirin. Əllahummə əccil livəliyyikəl-fərəc.

Qaynaqlar:
“Pəndnameyi səadət”, Səadətpərvər Əli, həzrət Ayətullah Səadətpərvərin əsərlərinin nəşri və tənzimlənməsi nəşriyyatı, 1385 ş. birinci çap.

Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?